En   Ru   Az  


     
                                                                                                                                                             
                                                                                                                           
Yararlı məlumat
Atəşgah məbədi
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BİNASI
Cavanşir qalası
ÇIRAQQALA
Dairəvi Nardaran qalası
Diri-baba türbəsi
Əjdərbəy məscidi
Əskipara məbədi
İsmailiyyə Sarayı
Mömünə xatun türbəsi
Qız qalası (Bakı)
Qum bazilikası
Şəki xan sarayı (Şəki)
Şirvanşahlar sarayı
Yeddi kilsə monastır kompleksi
Yararlı məlumat  »  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı


Akademik Opera və Balet Teatrının möhtəşəm binası 1911-ci ildə tikilib. Qafqazın qabaqcıl şəhərlərindən sayılan və gündən-günə inkişaf etməkdə davam edən Bakı öz nadir memarlıq üslubu, qədim küçələri, yaraşıqlı tarixi binaları ilə hər zaman diqqəti cəlb edib.

     Tarixi memarlıq nümunəsi kimi Akademik Opera və Balet Teatrının qədim binası Azərbaycan tarixində olduqca mühüm yer tutur. Cəmi bir il ərzində ucaldılmış bu möhtəşəm tikilinin tarixi çox maraqlıdır. Paytaxtdakı bir çox əzəmətli binaları kimi onun da inşasında Bakı milyonçularının böyük əməyi olub. Tarixi mənbələrdə Opera və Balet Teatrının 1910-cu ildə tikildiyi göstərilir. Deyilənlərə görə, hər şey həmin ildə Rusiyanın məşhur opera müğənnisinin Bakıya qastrola gəlməsi ilə başlayıb. Möhtəşəm konsert proqramı ilə çıxış etdikdən sonra Bakı milyonçuları müğənninin şərəfinə böyük ziyafət düzənləyiblər. Yerli camaat sənətçidən növbəti dəfə paytaxtımıza nə zaman səfər edəcəyini soruşublar. Məşhur opera müğənnisi isə Bakıya bir də heç vaxt gəlməyəcəyini bildirib. O, öz qərarını bu cür böyük şəhərdə opera ifası üçün binanın olmaması və kazino zallarında oxumaqdan narahatçılıq keçirməsi ilə izah edib. Müğənninin bu sözlər bakılı milyonçulara, xüsusilə də Mailov qardaşlarına pis təsir göstərib. Həmin vaxt şəhərdə belə şaiyələr dolaşırmış ki, milyonçu Mailov qardaşlarından böyüyü həmin xanıma bərk vurulub. Onun müğənniyə hədiyyə etdiyi brilliantların, bahalı libasların, zinyət əşyalarının sayı-hesabı bilinmirmiş. Müğənnini Bakıda yenidən görmək naminə Mailov ona bir il ərzində Bakıda möhtəşəm opera binası tikdirəcəyinə söz verib.  

     Teatr binasının layihəsini hazırlamaq məşhur memar N.Q.Bayevə həvalə edilir. Bakının mərkəzində yerləşən indiki Nizami küçəsində inşaat işləri başlayır. Bu zaman məsələyə məşhur xeyriyyəçi, milyonçu Zeynalabdin Tağıyev müdaxilə edir. Bir il ərzində möhtəşəm opera binası tikdirməyin mümkünsüzlüyünü Mailova izah edib, onu fikrindən daşındırmağa çalışır. Mailov isə fikrindən geri dönməyəcəyini söyləyir. Sonda onlar mərc gəlirlər ki, teatrın binası Mailovun vəd etdiyi vaxtda hazır olsa, tikintinin bütün xərclərini Tağıyev öz üzərinə götürəcək.  

     Mailovun arzusu gerçəkləşir. Bir il tamam olmamış – 1911-ci il fevralın 28-də Opera Balet Teatrının binası təhvil verilir. Tikilinin memarlıq üslubu onu görənləri heyrətə gətirir. Burada əsrin əvvəllərinə aid barakko, rokoko elementlərinin, Mavritan üslubunun cizgiləri öz əksini tapır. Teatrın dörd tərəfində yerləşdirilmiş afişa sütunları, fanarlar binanın görünüşünü xüsusi görkəm verirmiş. Teatrın salonundakı akustika isə bu günün özündə də bura gələn əcnəbiləri təəccübləndirməkdə davam edir.

     Arzusu gerçəkləşmiş Mailovun sevincinin həddi-hüdudu yox idi. O, dərhal pərəstişkarı olduğu opera müğənnisinə teleqram vurub, onu Bakıya dəvət edir. 1911-ci ildə həmin ifaçısın iştirakı ilə Opera və Balet Teatrının təntənəli açılış mərasimi keçirilir. Şəhərin varlı zümrəsinin adamları, məşhur incəsənət nümayəndələri tədbirdə iştirak edirlər. Səhnə gül-çiçəyə qərq olur. Deyilənlərə görə, müğənni ariyasını bitirəndə milyonçular onun başına yağış kimi pul yağdırırlar.  

     1928-ci ildə teatra M.F.Axundovun adı verilir. 1959-cu ildən isə sənət ocağı Akademik Opera və Balet Teatrı adlanır.